Məzmuna keç

Tom Pillibi

Vikipediya, azad ensiklopediya
"Tom Pillibi"
Jaklin Boyer, Jaklin Boyer tərəfindən ifa olunmuş mahnı
Yayımlanıb 1960
Janr şanson
Dil fransız dili

"Tom Pillibi" — musiqisi Andre Popp, fransızca mətni isə Pyer Kur tərəfindən yazılmış, Fransa müğənnisi Jaklin Buaye tərəfindən ifa olunmuş mahnı. Sinql 10 aprel 1960-cı il tarixində işıq üzü görmüşdür. Mahnı London şəhərində keçirilən 1960-cı il Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil etmiş və qalib gəlmişdir. Sonradan bu kompozisiya Culi Endryus da daxil olmaqla bir çox sənətçilər tərəfindən ifa edilmişdir.

"Tom Pillibi" mahnısı Pyer Kurun sözlərinə Andre Popp tərəfindən bəstələnmişdir. Bu, mülayim sürətli bir kompozisiya olub, müğənninin öz sevgilisi — mahnının baş qəhrəmanı haqqında hekayəsindən bəhs edir. İfaçı onun maddi zənginliyini — iki qəsrini, gəmilərini və onunla birlikdə olmaq istəyən digər qadınları təsvir edir. Daha sonra o, sevgilisinin yalnız bir qüsuru olduğunu etiraf edir: onun böyük bir yalançı olduğunu və onun haqqında əvvəllər söylənilənlərin hamısının həqiqətəuyğun olmadığını bildirir. Buna baxmayaraq, ifaçı onu hər halda sevdiyini vurğulayır.[1][2]

Jaklin Buaye mahnının ingilisdilli versiyasını da lentə almışdır. Bu versiyada eyni personaj saxlanılsa da, tamamilə fərqli bir təəssürat yaradılmışdır. Burada Tom etibar edilməyəcək, islaholunmaz bir qadınbaz kimi təqdim olunur. Ehtimal olunur ki, məhz bu səbəbdən Des Manganın müsabiqənin tarixinə həsr olunmuş kitabında vəziyyət daha da qəlizləşir və mahnı iki qəsri, iki qayığı olan, əslində isə rəzil bir insan olan, lakin qadının yenə də sevməyə davam etdiyi bir şəxs haqqında hekayə kimi təsvir edilir. Müğənni həmçinin eyni adla mahnının almandilli versiyasını da yazdırmışdır.[1]

Fransa televiziyası (RTF) daxili seçim vasitəsilə bu mahnını 5-ci Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmək üçün seçmişdir.[3]

29 mart 1960-cı il tarixində Avroviziya Mahnı Müsabiqəsi Londonun "Royal Festival Hall" konsert salonunda baş tutmuşdur. Britaniya Yayım Korporasiyası (BBC) tərəfindən təşkil olunan müsabiqə bütün Avropada canlı yayımlanmışdır. Jaklin Buaye "Tom Pillibi" mahnısını həmin gecə Renato Raskelin ifasında səslənən "Romantica" mahnısından sonra, on üçüncü və sonuncu nömrə altında ifa etmişdir. Fransanın təqdimatı zamanı müsabiqə orkestrinə Frank Pursel dirijorluq etmişdir.[4]

Səsvermənin nəticələrinə əsasən, mahnı 32 xal toplayaraq on üç iştirakçı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur. 1961-ci ildə qalibiyyət estafetini Jan-Klod Paskalın ifasındakı "Nous les amoureux" mahnısı təhvil almışdır. Həmin il Fransanın növbəti təqdimatı Jan-Pol Morikin ifa etdiyi "Printemps, avril carillonne" mahnısı olmuşdur. Müsabiqədən sonra[5]

Jaklin Buaye öz mahnısını 22 avqust 1981-ci il tarixində Misen şəhərində keçirilən və Avroviziyanın 25 illiyinə həsr olunmuş "Songs of Europe" yubiley şousunda yenidən ifa etmişdir.

"Tom Pillibi" mahnısı, orijinal buraxılış ilindəcə, digər "Avroviziya" iştirakçıları da daxil olmaqla, bir çox tanınmış beynəlxalq və yerli ifaçılar tərəfindən müxtəlif versiyalarda yazılmışdır. Aktrisa və müğənni Culi Endryus 1960-cı ilin aprel ayında mahnının ingilisdilli versiyasını lentə almışdır. Finlandiyanın ən populyar müğənnilərindən biri və ölkənin 1961-ci il "Avroviziya" müsabiqəsindəki debütantı Layla Kinnunen 14 iyun 1960-cı il tarixində mahnının fin dilindəki versiyasını yazdırmışdır. Eyni addımı İsveçin 1962-ci il "Avroviziya" müsabiqəsindəki təmsilçisi İnger Berqqren də atmışdır.[2]

  1. 1 2 "Tom Pillibi - lyrics". The Diggiloo Thrush. 6 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2026.
  2. 1 2 "Tom Pillibi by Jacqueline Boyer". secondhandsongs.com. 8 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2022.
  3. ↑ "National Selections: 1960". eurovisionworld. 4 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2026.
  4. ↑ Eurovision Song Contest 1960 // Eurovision Song Contest. 29 mart 1960. BBC / EBU.
  5. ↑ MELLO, DAVID. "Eurovision: The First 10 Winners (& Their Songs)". Screen Rant. 11 iyul 2021. 27 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2022.