Məzmuna keç

Portal:Pul

Vikipediya, azad ensiklopediya

Pul — müəyyən bir ölkədə və ya sosial-iqtisadi kontekstdə mallar və xidmətlər üçün ödəniş və borcların, o cümlədən vergilərin qaytarılması vasitəsi kimi ümumilikdə qəbul edilən istənilən əşya və ya təsdiqlənə bilən qeyddir. Pulu digər mübadilə vasitələrindən fərqləndirən əsas funksiyalar bunlardır: mübadilə vasitəsi, hesab vahidi, dəyər saxlama vasitəsi və bəzən də təxirə salınmış ödəniş standartı.

Tarixən pul, daxili dəyəri olan bir əmtəə kimi meydana çıxmış və bazar şəraitində yaranmış bir hadisə olmuşdur; müasir dövrdə demək olar ki, bütün pul sistemləri istifadə dəyəri olmayan, təminatsız fiat pula əsaslanır. Belə pulun dəyəri sosial razılaşma ilə müəyyən olunur və hökumət və ya tənzimləyici orqan tərəfindən "qanuni ödəniş vasitəsi" olaraq qəbul edilir; bu, ABŞ dolları nümunəsində olduğu kimi, bir ölkə daxilində "bütün borclar, dövlət və şəxsi" ödənişlər üçün məcburi qəbul edilməli olduğunu bildirir.

Ölkənin pul təklifi (və ya pul kütləsi) dövriyyədə olan bütün valyutanı (hazırda buraxılmış kağız pullar və sikkələr) və istifadə olunan müəyyən tərifə görə bir və ya bir neçə növ bank pulunu (çek hesablarında, əmanət hesablarında və digər bank hesablarında saxlanılan məbləğlər) əhatə edir. Bank pulu, hansı ki, maliyyə institutlarının uçot kitablarında mövcuddur və fiziki pula çevrilə və ya nağdsız ödəniş üçün istifadə oluna bilər, inkişaf etmiş ölkələrdə geniş pul kütləsinin əsas hissəsini təşkil edir.

redaktə et  Seçilmiş məqalə
The Economist — Həftəlik siyasi-iqtisadi jurnal. 1843-cü ildən Britaniyada nəşr olunur. Dünyada ən çox oxunan həftəlik ingilisdilli dərgilərdən biridir.

1843-cü ilin sentyabrından Böyük Britaniyada nəşr olunur. 2012-ci ildə tirajı 1.600.000 nüsxəni ötdü, bunun yarısından çoxu Şimali Amerikada satıldı. Qlobal yönümlü olduğuna görə The Economist yalnız İngilis nəşri hesab edilmir.

Jurnalın əsas mövzuları siyasi hadisələr, beynəlxalq əlaqələr, maliyyə, iqtisadiyyat və biznes xəbərləri, eləcə də elm və mədəniyyətdir. Jurnalın redaktorları klassik liberalizmin mövqelərinə sadiqdirlər.

1928-ci ildən bəri şirkətin səhmlərinin yarısı "Financial Times" qəzetinə məxsusdur, digər yarısı isə müstəqil investorların əlindədir, onların çoxu şirkət işçiləri və jurnalın müxbirləridir.

(Davamı...)

redaktə et  Seçilmiş şəxs
Karl Marks — Almaniya filosofu, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçısı, tarixçisi, sosioloqu, siyasi nəzəriyyəçisi, jurnalisti və sosialist inqilabçısı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquq və fəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya muzeyinin oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Kapital" (1867–1883) kitabıdır. Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir.

Marksın cəmiyyət, iqtisadiyyat və siyasətlə bağlı tənqidi nəzəriyyələri ümumilikdə marksizm kimi başa düşülür ki, bu cərəyan da insan cəmiyyətinin sinfi qarşıdurma yolu ilə inkişaf etdiyini iddia edir. Kapitalist istehsal üsulunda bu, istehsal vasitələrinə nəzarət edən hakim siniflərlə (burjuaziya) əməkhaqqı qarşılığında öz işçi qüvvəsini satmaqla bu vasitələri təmin edən işçi sinif (proletariya) arasındakı qarşıdurmada özünü göstərirdi. Tarixi materializm kimi tanınan tənqidi yanaşmanı tətbiq edən Marks, kapitalizmin əvvəlki sosial-iqtisadi sistemlər kimi daxili gərginliklər yaratdığını və bunun öz-özünü məhv etməsinə və sosialist istehsal üsulu kimi tanınan yeni bir sistemlə əvəzlənməsinə gətirib çıxaracağını proqnozlaşdırırdı. Marksın fikrincə, kapitalizmdəki sinfi ziddiyyətlər – qismən onun qeyri-sabitliyi və böhrana meyilli təbiəti sayəsində – fəhlə sinfinin sinfi şüurunun inkişafına, onların siyasi hakimiyyəti ələ keçirməsinə və nəhayət, azad istehsalçılar birliyindən ibarət sinifsiz kommunist cəmiyyətinin qurulmasına gətirib çıxaracaqdı. Marks iddia edirdi ki, fəhlə sinfi kapitalizmi devirmək və sosial-iqtisadi azadlığa nail olmaq üçün mütəşəkkil proletar inqilabı hərəkatını həyata keçirməlidir; o, bu fikrin reallaşması üçün həm də fəal şəkildə təzyiq göstərirdi.

(Davamı...)

redaktə et  Bilirsinizmi...
  • Tarixdə bir çox icmalarda pul əvəzinə çay, duz, heyvan dərisi və hətta inək kimi əmtəələr istifadə olunub. Latınca "salary" (maaş) sözü "duz" sözündən yaranıb, çünki Roma dövründə əsgərlərə duzla maaş verilirdi.
  • Dünyada ilk metal sikkələr eramızdan əvvəl VII əsrdə Lidiyada buraxılıb.Bu ərazi hazırda Türkiyənin qərb hissəsində yerləşir və həmin sikkələr qızıl-gümüş ərintisindən hazırlanırdı.
  • Kağız pul ilk dəfə Çində istifadə olunub. Eramızın IX əsrində Çin imperatorluğu metal pulların daşınmasının çətinliyinə görə ilk dəfə kağız pul buraxıb.
  • ABŞ dollarının istehsal qiyməti onun nominal dəyərindən aşağıdır. Məsələn, 1 dollar əskinasın çapı təxminən 6 sentə başa gəlir.
  • Dünyanın ən bahalı pulu 1891-ci il istehsalı 1000 dollar əskinasıdır. Bu nadir əskinas hərracda 2.5 milyon dollardan çox qiymətə satılıb.
  • Pul özündə çoxlu bakteriya daşıyır. Aparılan araşdırmalara görə, dövriyyədə olan pul əskinasları tualet oturacağından daha çirkli ola bilər!
  • Pul korlar üçün fərqli ölçüdə və toxunuşla hazırlanır. Bəzi ölkələrdə əskinaslar toxunma ilə ayırd edilə bilən işarələrlə istehsal olunur. Misal üçün, avro və Hindistan rupisi əskinaslarında bu xüsusiyyət var.
  • İnkişaf etmiş ölkələrdə dövriyyədə olan pulun 90%-dən çoxu rəqəmsaldır.Yəni bank hesablarında mövcud olan və heç vaxt fiziki olaraq çap olunmayan vəsaitlərdən ibarətdir.
  • Kriptovalyuta ənənəvi pulu rəqəmsal formada əvəzləməyə iddialıdır. Bitcoin və digər kriptovalyutalar artıq bir sıra ölkələrdə ödəniş vasitəsi kimi qəbul olunur.
  • Bəzi ölkələrdə plastik pul istifadə olunur. Avstraliya, Kanada və Yeni Zelandiya kimi ölkələrdə dövriyyədə olan əskinaslar kağız yox, polimer materialdan hazırlanır və bu, onları daha davamlı və çirklənməyə qarşı dayanıqlı edir.
redaktə et  Yeni məqalələr
redaktə et  Kömək
redaktə et  Sitatlar
redaktə et  Kateqoriyalar
redaktə et  Digər layihələrdə
redaktə et  Əlaqəli portallar