Məzmuna keç

Con Uiklif

Vikipediya, azad ensiklopediya
Con Uiklif
ing. John Wycliffe
Doğum tarixi 1320-ci illər
Doğum yeri
Vəfat tarixi 31 dekabr 1384(1384-12-31)
Vəfat yeri
Əsas maraqları fəlsəfə, teologiya, tərcümə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Uiklif (ing. John Wycliffe; 1320-ci illər – 31 dekabr 1384, Lesterşir[d]) — ingilis filosofu, ilahiyyatçı, Müqəddəs Kitabın tərcüməçisi, islahatçı, keşiş və Oksford Universitetinin professoru. XIV əsrdə Roma Katolik ruhaniləri arasında ən nüfuzlu müxalif dini xadimlərdən biri hesab edilir və Reformasiyanın əsas sələflərindən biri sayılır.

Uiklif ruhanilərin imtiyazlı statusuna, həmçinin yerli kilsələrin və onların dini mərasimlərinin dəbdəbəsinə və təmtərağına şübhə ilə yanaşırdı. O, əhalinin Müqəddəs Kitabla hamının başa düşə biləcəyi dildə təmin edilməsinin tərəfdarı idi. 1382-ci ildə o, Vulqatanı orta ingilis dilinə tərcümə etməyi başa çatdırdı. Bu tərcümə bu gün Uiklif Bibliyası adı ilə tanınır. O, Matta, Mark, Luka və İohann İncillərini tərcümə etmiş, ehtimal ki, bütün Əhdi-Cədidi də çevirmişdir. Əhdi-Ətiqin tərcüməsi isə onun əməkdaşları tərəfindən həyata keçirilmişdir. Uiklif Bibliyası 1384-cü ildə tamamlanmışdır. Daha sonra Uiklifin köməkçiləri Con Pervi və digər əməkdaşları tərəfindən 1388 və 1395-ci illərdə bu tərcümənin yenidən işlənmiş nəşrləri hazırlanmışdır.

Uiklifin ardıcılları, təhqiramiz şəkildə lollardlar adlandırılan dini hərəkatın üzvləri, onun fəaliyyətini davam etdirmiş, xristian fəzilətləri, əvvəlcədən müəyyən olunma (predestinasiya), ikonoborçuluq və sezaropapizm imi ideyalar üzərində düşünmüş, müqəddəslərə sitayişi, dini ayinləri, ölülər üçün keçirilən messaları, transsubstansiasiya (çörək və şərabın Məsihin bədəni və qanına çevrilməsi), monastizm və papalığın mövcudluğunu sual altına almışlar.

XVI əsrdən etibarən lollard hərəkatı protestant Reformasiyasının sələfi kimi qiymətləndirilməyə başlanmış, Uiklif isə "sxolastikanın axşam ulduzu və İngilis Reformasiyasının səhər ulduzu" kimi xarakterizə edilmişdir. Uiklifin latın dilində yazılmış əsərləri çex islahatçısı Yan Husun fəlsəfəsinə və dini təliminə böyük təsir göstərmişdir. Husun 1415-ci ildə edam edilməsi üsyana səbəb olmuş və nəticədə 1419–1434-cü illərdə Hus müharibələri başlamışdır.

Uiklifin teoloji əsərləri 1382-ci ildə Roma Katolik Kilsəsi tərəfindən bidət elan edilərək rəsmi şəkildə pislənmişdir.